Wednesday, December 24, 2014

Zikr nədir? Say ilə zikr bizə nə qazandırır?


İslam dinində sayı ilə zikr yoxdur. 70 dəfə istiğfar, 33 dəfə zikr, 7 dəfə oxuyub üfürmək kimi şeylər daha da etdiyinin anlamsızlaşmasına , "tez bitirim də canım qutarsın" kimi hala gətirib çıxarar. Hədislərdəki 70, 700 dəqiq rəqəm deyil, (ərəbcədən qaynaqlanaraq) çoxluq ifadə edər. İnsanlar çox vaxt  anlamadıqları sözləri say ilə dildə deməklə Allah rızası üçün nəsə etdiklərini düşünürlər. Hətta bunun sehirli təsirini belə umurlar. Unutmaq lazım deyil ki, əsl zikr, dildə deyilən deyil, qəlbdə duyulandır. Məsələn "Allahu Əkbər" sözünü neçəsə dəfə təkrarlamaqla deyil, onu həyatında və yaşadığın hadisələrdə hiss etməklə zikr olar. Nəyisə görüb də qəlbən Allah böyükdür deyə düşünmək, Allahu Əkbərin tam olaraq özüdür. Sübhənallah - Bəzi hadisələr qarşısında Allahım sən qüsursuzsan, işlərini də qüsursuz edənsən düşüncəsinə varmaqdır. Əlhəmdülillah -  Yaşadığın müddətcə Allaha şükr etməkdir. Şükr isə tək dildə deyil, əməldə də özünü göstərərsə həqiqi və anlamlı olar. Hər halın şükrü öz cinsindən olmalıdır. Varlı olmağın şükrü, insanlara əl tutmaqla, sağlam olmağın şükrü, insanlara tibbi məsələlərdə yardım etməklə, xeyirli övladın şükrü, başqalarının övladlarına əsl valideyin qayğısı göstərməklə, biliyin şükrü başqalarına da bildiklərindən öyrətməklə, tutduğun vəzifənin şükrü, həmin məqamdan başqalarına yardım etməklə olar. Allaha şükr etməyin ən gözəl yollarından biri də qarşılaşdığın həyat imtahanlarına səbr etməkdir. Səbr isə əlacsızlıqdan oturub gözləmək deyil (bu acizlikdir), tikana baxıb gülü görmək, gecəyə baxıb aydın səhərin gələcəyinə qəlbən inanmaqdır. Demək ki, əsl zikr onu bacardığın qədər çox saymaqla deyil, bacardığın qədər həyatına əks etdirməklə mümkündür. 

Dərviş yolla gedir. Əlində təsbeh sayaraq zikr edir. Birdən yolda səbətlə sevinərək qaçan bir qız görür. Deyir qızım hara gedirsən? Qız sevdiyinə alma apardığını söyləyir. Dərviş qızdan, sevdiyinə neçə alma apardığını soruşur. İnsan heç sevdiyinə apardığının sayına baxarmı deyə qız cavab verir. Dərviş astaca əlindəki təsbehin ipini qırır. Təsbeh yerlə bir olur.

Həqiqətən də insan sevdiyinə götürdüyünün sayına baxarmı?! (Cavid Şirinov)