Thursday, January 7, 2016

Sektor süləklərinin arxa üzü

Sensasiya doğurmaq həvəsini bir əksər müğənnilərdə, bir də sektor süləklərində gördümdə, qardaş. Müğənniləri boşlayaq getsin, həmin bu sektor süləklərindən danışaq. Diqqət edin, yazı yazanda, fikir bildirəndə çalışırlar elə söz desinlər ki, nəzərləri özlərinə çəksinlər. Yəni dediklərinin düzgün olub olmaması onlar üçün önəm daşımır, təki diqqət cəlb eləsinlər, neqativ istiqamətdə olsa belə. Bu yöndə onların ümdə mövzularından biri də bəkarət məsələsidi. Məlumdu ki, cəmiyyət buna həssas yanaşır. Sektor süləkləri də məhz bu həssas mövzu üzərindən insanları qıcıqlandırıb diqqət cəlb eləməyə çalışırlar. En cəfəng iddiaları səsləndirirlər. O dərəcədə hissə qapılırlar ki, bakirəliyin inkişafı örtən pərdə olduğunu sayıqlayırlar. Fəqət bakirəliklə intellektuallıq arasındakı əlaqəyə dair heç nə göstərə bilmirlər ki, bu da onların bəyanatlarının sərsəmliyinə dəlalət edir.

Gəlin onlar haqda xırda təhlil aparaq. Az qala hamısı psixoloji diskomfort yaşayan gənclərdi. Güman ki, hər birinin insanlarla münasibətdə xatirlərinə gətirmək istəmədikləri nələrisə olub. Düzünə qalsa, hər bir adamın keçmişində cəmiyyətlə çəp gəldiyi an var. Lakin xaraktercə möhkəm insanlar zamanla buna etinadsız yanaşıb gələcəyə köklənir və həmin neqativ halların böyüyüb daim onu güdən kölgəyə çevrilməsinə imkan vermir. Zəiflərin isə bütün fikirləri neqativə cəmlənir, həmin o pis an illər keçsə də xatirələrində onları təqib edir, qərarlarını təyin edir. Zəif fərdlərdəki bu halı küçə itlərinin, pişiklərinin insanlardan qorxması ilə müqayisə edə bilərik. Həmin heyvanların insanlardan hürkməsi, əslində, bir insanla bağlı yaddaşlarında qalan mənfi hadisəyə görədir. Qavrama qabiliyyəti ibtidai olan heyvan üçün bütün insanlar həmin o bir insanla assosiasiya yaradır. Amma insanın, özü də yetkin yaşda olan insanın dərrakəsinin heyvandakı kimi primitiv şəkildə işləməsi onun fərd olaraq natamamlığının göstəricisidir.

Bununla belə həmin gənclər potensiallarını nəzərə almadan özlərinə dəyər biçir. Özlərinə biçdikləri dəyər əldə etdikləri cüzi məlumatdan qaynaqlanan özünəvurğunluğa əsasəndir. Belə ki, hətta ən adi informasiya onlarda zehni çevrilişə səbəb olur ki, bu da daha əvvəl olduqları intellektual boşluqdan qaynaqlanır. Özlərində baş verən zehni çevriliş elə təsir yaradır ki, sanki onların yeni öyrəndiklərini hələ heç kim bilmir. Həmin fərdlərdəki bu psixoloji effekti görkəmli elm adamlarının bəşər üçün qaranlıq qalan nəyisə kəşf edərkən keçirdikləri hisslə müqayisə etmək olar.

Bilikləri az, mühakimə bacarıqları zəif olduğu üçün yeni məlumatlandıqları sahələrin miqyasını müəyyən edə bilmirlər. Hisslərin tələbi ilə ağıl həmin sahələrin miqyasını əldə olunan cüzi biliklərin qədəri ilə təyin etməklə müəyyənsizliyi doldurmağa çalışır. Beləcə şüur sahəyə tam bələdmiş kimi imitasiya edir. Fərd imitasiyaya aldanır. Xəyalında özünün mükəmməl kimliyini yaradıb ona inanır və beləcə ətrafdakılardan özünə qarşı diqqət gözləyir. Lakin ətrafdakılar nəinki ona diqqət yetirmir, hətta tənqidi yanaşır. Tənqid onların həssas yeridir. Məhz tutarlı tənqid zamanı necə biliksiz olduqlarını daxilən duyurlar. Hər bir tənqid onları gerçək kimlikləri ilə üzləşməyə doğru sürükləyir. Anlayırlar ki, özlərinə dəyər biçməyə tələsiblər. Amma hissləri ağıllarından güclü olduğu üçün dərhal müdaxilə edib mükəmməllikləri haqda onlarda yaranan təsəvvürlərin dağılmasına mane olur. Di gəl ki, həqiqət toxumu qəlbə düşüb artıq, vaxt keçdikcə o, cücərir, boy atır, ruhlarını bürüyür. Eslində bu, onlar üçün faydalıdır, əsl potensiallarını görsələr, onu inkişaf etdirə bilərlər. Lakin xəyali kimliklərinə bağlıdılar, onun ətəyindən möhkəm yapışıblar. Xəyali kimlik isə günü gündən gerçək kimliklə mübarizədə daha çox uduzur. Bütün bu mənəvi təlatüm stress ilə müşayət olunur. Stress isə aqressiyanı artırır.

Barələrində danışdığımız gənclərin psixi vəziyyətlərinə dair yürütdüyümüz ehtimaldan məlum olur ki, həmin gənclər mənən yaralıdılar. Yaralarının qisasını hamıdan almağa çalışırlar. Hər kəs onların şüur altına günahkar kimi nüfuz edir. Təhtəlşüur isə insanlar haqda qəbul elədiyi bu informasiyaya uyğun olaraq fərdin əməllərinə yön verir. Bu səbəbdəndir ki, həmin gənclər insanların hissləri ilə oynamağa meyllənir. Motiv məhz qisasdır. Bəkarətin əhəmiyyətsizliyinə dair fikirlərindən dinə yönəlmiş tənələrəcən əməllərinin alt qatından qisas süzülür.

Daxili mətnləri bu şəkildədir: «Siz mənim üçün müqəddəs olan (və sizin üçün də müqəddəs olmalı) məni heç hesab elədinizsə, mən də sizin ali qəbul etdiklərinizi sındıracam»

Onların seksual inqilab tematikalı mövzularının paralel tərəfi isə seksual doyumsuzluqdur. Prinsip çox bəsit işləyir: nə qədər çox qız seksual baxımdan sərbəstləşsə, çeşid bir o qədər bol olar, seçim çoxalar. Bu mövqelərinin lokomotivi olan həmin bu gerçəyi inkar etmək üçün nə qədər manipulyasiya edirlər etsinlər, qəti aldanmayın. İnkar etmələri təbiidir. Çünki belə bir gerçəklə ov edə bilməzlər. Ovda isə başlıca silah məhz hiylədir. Şikarı yaxalamaq üçün həqiqi məqsədlərini yalançı lozunqlarla bir növ kamuflyaj edirlər.

Asiman Ağayev

Sənin harana yaraşır "skaya" olmaq

Yolla gedərkən arxamca gələn zövqsüz geyimli, hər halları ilə rayonlu olduqları bilinən üç qız arasında yaşanan dialoqun qulaq şahidi oldum. Mövzu Allah barədə idi. Biri "c" hərfinin "dz" kimi tələffüz olunduğu ləhcə ilə Allahın mövcudluğunun əleyhinə öz aləmində arqument gətirib dedi ki, Allah varsa, onda niyə müharibələr baş verir? Bunu eşidən kimi istədim arxamdakı həmin qıza tərs təpik ilişdirim. Bezmişəm dəfələrlə müxtəlif şəkillərdə cavabı verilmiş bu axmaq sualdan. Amma ilişdirmədim. Çünki arxamca gəldikləri üçün bilmirdim onlardan hansıdır bu sözü deyən. Nə isə, yerişimi qəsdən yavaşladaraq bunların söhbətinə hiss etdirmədən qulaq asmağa davam edirdim. Bu arqumentə cavab olaraq qızın opponenti elə onun ləhcəsi ilə dillənib dedi ki, bunlar sınaqdı, filandi, beşməkandı. Yəni səthi, əsaslanmamış olduğu üçün əlavə suallar doğuran bir cavab oldu. Dərhal bilinirdi ki, inkarçı qızın həmsöhbəti belə mövzulara hazır deyil. Elə inkarçı özü də bu söhbətlərə yad idi. Sadəcə sosial şəbəkələrdəki dinsiz tematikalı səhifələrdən gördüyü bir-iki əzbərlənmiş suallarla debatdakı mövqeyini gücləndirirdi. Üçüncü qız isə sakitcə bu ikisinin söhbətinə qulaq asırdı. Bunları dinləyə-dinləyə gedirdim ki, bir də ayılıb gördüm dönməli olduğum yolu keçmişəm. Dərhal çevrilib geri qayıtdım. Bu söhbətdən son eşitdiyim isə ateist qızın "məncə Allah yoxdur" kəlməsi oldu.

Türklərdə gözəl bir söz var - kezban. Nədir bu kezban? Cahil, bikar, zövqsüz, həyatının yeganə məqsədi ər tapıb balalamaq olan qız xeylağı. Bizdəki "qıjı", "çuşka" terminləri xüsusiyyətləri göstərilən qız tipinə aid olsa da onu tam ifadə eləmir. Çünki bizim bu terminlər ümumi klasifikasiya olub hər iki cinsi özündə ehtiva edir. Kezban isə konkret bir cinsə aid olunur. Bax həmin bu kezbanlar arasında dinsizlik sürətlə yayılır. Üzərindən tövlə qoxusu təzəcə çəkilməyə başlayan kənd kezbanları, kənd əsilli olub şəhərdə doğulub, böyüməyinə baxmayaraq şəhərə adaptasiya ola bilməyən şəhər kezbanları təsadüfən necəsə əldə eliyib oxuduqları ağıl tərəfi görünməyəcək qədər az, emosiya yükü ürək bulandıran bir-iki kitabdan sonra dinsizliyin haqq olmasına qənaət gətiriblər ki, bunun da ümumilikdə oxudan qaynaqlandığını demək olmaz. Zira bir xeyli mutaliə təcrübəsi olan mən və məndən çox kitab tanışlığı olan kəslər nəticədə dinsiz olmayıb. Əlbət ki, ortada kitab görməmişliyi, boş qalmış bilik bazası faktorları var ki, bu vəziyyətdən az irəlləyişlə uzaqlaşmaq belə həmin qızlarda çevriliş effekti yaradır. Reqressiv mühitdə böyüdukləri, həyatlarının müəyyən yerinə qədər heç bir mənəvi inkişaf əldə eləmədikləri üçün hansısa xırda dəyişiklik onları öz məhfərlərindən oynadır. İntellekt bünövrələri olmadığına görə əldə olunan yeni biliklər dayaqsız qalır. Və bu baxımdan hər hansısa yeni bilik özünə dair əvvəlki məlumatlar olmadığı üçün tamamlanmayıb yarımçıq qalmaqla həmin bu kezbanlara neqativ təsir eliyir ki, yarımçıq bilikdən doğan yersiz təkəbbürün yol açdığı dinsizliyi buna örnək kimi göstərmək olar. Çətin keçən uşaqlıq dövrlərini də unutmamaq lazımdır. Valideyin xofu, mənsub olduqları cəmiyyətin basqısı özünü realizə etmək haqqından onları məhrum edib. Bütün əngəllər bu qızları öz qabıqlarına qapadıb. Yetkinlik çağına qədər öz tayları ilə vaxt keçirdikləri üçün inkişafsızlıqlarının fərqinə varmayıblar. Yetkinlik yaşına çatdıqlarında isə sağlam mühitdə yetişmiş digər həmyaşıdlarının əhatəsinə düşürlər və onların kiçik yaşlarından gələn uğurlu fəaliyyətlərinin şahidi olub həmin yaşıdlarından necə geri qaldılarını anlayırlar. Təbii ki, bunu həzm etmək onlar üçün mümkünsüzdür. Nəticədə həzm olunmayan bu gerçəklər mənəviyyatlarındakı boşluqlara dolaraq eqolarını qabardır. Beləcə biz onların inkarlarının ən ümdə səbəbi ilə qarşılaşırıq ki, bu da inkarlarının geridəqalmışlıq kompleksindən törəyib özünüisbat hədəfinəcən istiqamətlənməsidir. İstənilən ideoloji xətt onların timsalında bayağı şəkil alır. Dinsiz olmaqla həyatlarının yeknəsəqliyindən qurtulduqlarını sanır həmin zənənlər. Lakin çıxış yolunu bu cür əsasa bağlamaqla hələ də primitivlik həddini aşmadıqlarını göstərirlər.

Dünənin çuşkaları, konkret olaraq kezbanları bu günün ultramodernləri kimi. İndi onlar aksessuar olaraq şəffaf eynək taxıb, babat yerlərinə şortik, ayaqlarına ipi yerlə sürünən krasovka keçirir, sadə geyim elementlərini birləşdirib göstərişli tərz yaradır, vaxtlarını isə Tarqovı küçəsində sovururlar. Halbuki onların böyük səylə gizlətməyə çalışdıqları bir neçə il öncəki şəkillərinə baxsanız saçlarını əndrəbadi formalara salan, qoluna döymə, qaşlarına pirsinq vurduran bu qızları uzun hörüklərlə, topa qaşla, qollarında döymə əvəzinə xına ilə çəkilmiş naxışlarla görəcəksiniz. Onlar günü gündən yarımçıqlaşan şəxsiyyətlərini tamamlamaq üçün öncə tərzlərini, sonra isə tərzə uyğunlaşdırmaq üçün düşüncələrini dəyişdilər və ya əksinə. İndi isə keçmişlərindən utanan bu qızlar sanki eyibmiş kimi öz kəndliliklərini gizlətməyə çalışırlar. Zənnlərinə görə bütün nöqsanları kəndli mayaları ilə bağlıdır.

Bu əyrimçələrə dair bir xüsusu da qeyd eliyib yazını bitirirəm. Hələ bu yaxınlara qədər sosial şəbəkələrdə alternativ stilli oğlan, qız və bunların arasında bir-iki əhəmiyyətsiz, fikir axınında payı olmayan intellektual tərəfindən inanc əleyhinə deyilmiş aforizmlərin yazıldığı şəkillərlə dolu, rusmənşəli -skaya (-ski) ilə bitən soyad sonluqlu profillər var idi (örnək: Ranevskaya). Bəzisi roman qəhrəmanlarına məxsus, bəziləri isə bilmirəm hardan götürülmə familiyalar idi həmin profillər üçün seçilmiş adlar. Bu profillər indi də var. Sadəcə adlar dəyişilib. Şəkillər isə qalır. Bax o profillər transformasiya keçirmiş kezbanlarındı. Arabir rastıma bu cür profillər çıxanda misginliklərinə gülüb keçirəm. Rusca qandıqları qrafa yoxdur. Mənim üçün çin dili necə səslənirsə onlar üçün də rus dili o cür səslənir. Amma "skaya" olmaq eşqindədilər. Üzlərinə baxıb ürəyində deyirsən ki, az sənin harana yaraşır -skaya olmaq?!

Asiman Ağayev