Friday, March 11, 2016

Quş kimi yazı

Nə qədər pasiyentim var ki, psixoloji problemlərinin qaynağı əsassız və ifrat qadağalardı: ağır ol, gülmək olmaz, mahnı oxumaq olmaz, sevinmək olmaz, əylənmək olmaz və s. Baxırsan ki, batman-batman enerji yığışıb qalıb adamın sısqa canında, çıxarmağa yer yoxdu

Qış nəhayət ki, inadından əl çəkib yerini bahara verməyə hazırlaşır deyə günəş Yaroslavlın səmasında daha çox görünməyə başlayıb və bunun nəticəsi olaraq gün xeyli uzanıb. Artıq o dar dalanları xatırladan cəmi 4-5 saatlıq soyuq qış gündüzlərindən əsər-əlamət yoxdu. Gündüzlə yanaşı sanki köksümüz də genişlənib, eynimiz də açılıb. Yox, sutka həmən 24 saatdır, bircə dəqiqə belə artmayıb, lakin yenə də sənə elə gəlir ki, dünyanın eni-uzunu çoxalıb, nəfəs almaq daha rahatlaşıb. Quşlar da bu genişlənməni duyublar, nədi, hara baxırsan quşdur Yaroslavlın bugünkü ap-aydın səması.

Azadlıq böyük nemətdir, əlbəttə! Və nədənsə səmadakı ədabaz buludlardan birini seyr edə-edə Yusifin Ayşənə dediyi o məşhur cümləni xatırlayıram:
Azadlığım – ürəyim hər istədiyində sənə gələ bilməkmiş, indi anladım.

“Mən” obrazının yaradılması E. Fromm, A. Maslou, Karl Rocers kimi Amerika psixoloqlarının ən diqqətəlayiq elmi nəzəriyyələrindən biridir; onların fikrincə bir neçə “mən” obrazı mövcuddur:

1)Real “Mən”,
2)İdeal “Mən”
3)Digərlərin gözündə olan “Mən”.

Psixoloqlar deyir ki, bu 3 “Mən” obrazı üst-üstə düşməlidir və ancaq bu halda insanın normal inkişafından danışmaq olar. İdeal “Mən” real “Mən”dən, başqalarınn gözündə olan "Mən" real "mən"dən fərqlənirsə, insan bir saxtakarlıq hiss edir, özünə hörmət edə bilmir və bu onun normal inkişafına mane olur. Bizdə yaranan gərginlik, təlaş, özünə inamsızlığın da səbəbi, çox vaxt məhz bu üç “Mən”in arasındakı uyğunsuzluqdur. Çətin məsələdi axı: xəyal etdiyin şəxsiyyətinlə real şəxsiyyətinin, eləcə də millətin gözündə olan şəxsiyyətinlə həqiqətdə olan şəxsiyyətinin üst-üstə düşüb eyni (ən azından bənzər) olması. Çətindir, fəqət həqiqi hüzur və xoşbəxtlik, həqiqi azadlıq da elə bundadır.

Hamının hörmət etdiyi tanınmış bir ziyalıyla dərdləşirik, deyirəm:

- Sizin yerinizdə olmaq istəməzdim.

- Vallah, heç özüm də - deyib yorğun-yorğun gülür. Bu əziz insan niyə yorulub, bilirsiniz? İctimai qınağa tuş gələcəyindən ehtiyatlanıb “real mən”indən uzaqlaşdığı, başqalaşdığı, başqası olduğu üçün. Adam neçə il masqa taxmaq məcburiyyətində qalar axı?! Zulumdu, zulum! Mən deyərdim ən əzabkeş insan məhz özü kimi olmaq istəyib (hansısa məcburiyyətlərə görə) ola bilməyən insandır. Şərq dünyasını gözünüzün önünə gətirin. İctimai xadimlər, maarifçilər, ziyalılar… necə də yorğundular, aman Allah! Çünki onların ictimai xidmət, maarifçiliklə yanaşı həm də heç bir kitabda yazılmamış belə bir daha vacib “vəzifələri” var:

“İstədiyin kimi sərbəst davrana bilməmək!”

Bu yazılmamış qanunu biz – sən, mən, o yaratmışıq. Niyə axı, ay qardaşım, niyə yükləyirik insanları, niyə daraldırıq (qaraldırıq) onların mavi səmasını? Niyə qoymuruq rahat nəfəs alsınlar? Həm də üzümü ictimai xadimlərə tutub soruşuram: niyə düşürsünüz axı qəlibə? Niyə (gizlində) bir cür düşünür, (aşkarda) başqa cür davranırsınız? Niyə çərçivələri sizə özünüz deyil, başqaları təyin edir? Niyə qorxursunuz? Niyə yenilirsiniz? Niyə mübarizə etmirsiniz?

Məncə elə bu da “azadlıq uğrunda” mübarizədir!
Sakitləşirəm. Sosial şəbəkələrdə olan maraqlı hadisələr təsbeh dənələri kimi düzülür gözümün önünə. Təsəvvür edin, paylaşımımın altında ciddi-ciddi “Müəllim, kölgənizdən üzr istəyərək, sizin yazınıza bir münasibət sərgiləmək şərəfinə nail olmaq istəyirəm” yazıb inboksda “ə, yaman yazmısan aa, qaşqannan öpürəm” yazan ictimai xadimlər gördük. Bu nədi? Niyə belədi? Bəlkə elə belə də olmalıdır? Doğrumudur, yanlışmıdır? Bimirəm. Bildiyim bir şey var ki, artıq yükdür, yorucudur, incidicidir.

Nə qədər pasiyentim var ki, psixoloji problemlərinin qaynağı əsassız və ifrat qadağalardı: ağır ol, gülmək olmaz, mahnı oxumaq olmaz, sevinmək olmaz, əylənmək olmaz və s. Baxırsan ki, batman-batman enerji yığışıb qalıb adamın sısqa canında, çıxarmağa yer yoxdu. Əzizi-mənlər, bax bu uçuşlarını izlədiyim azad quşların ciggiltilərindəki sevincə and olsun, qadağaları minimuma endirmək lazımdı, yalnız fundamental və arqumental olan vacib məsələlərə qadağa qoyun, xüsusən, əgər qarşınızdakı uşaqlardırsa. Əmin olun, hansısa sevinci qadağan etmək üçün onlara oxuduğunuz "fəlsəfi mühazirələriniz" onların başına batmır, batmırsa, uşaq ta ölənəcən elə o qadağan olunan şeyin görməmişi olur.

Üstəlik, bu tip qadağalar onlarda, (elə böyüklərdə də) Froydun dili ilə desək, sublimasiya olunur, yəni, enerji təbii yolla çıxmırsa, başqa bir yerdən eybəcər formada partlayış edir; enerjini, azadlığı, sevinci zorla içində boğursansa o dəhşətli fəsadlar yaradır.

Sevinməyə, gülməyə, əylənməyə bəhanə və şəraitləri olmayan cəmiyyətlərdə İŞİD yaranır, özü də çox rahatlıqla!

Əraf surəsi, 157-ci ayəyə baxın, Ulu Rəbb əziz peyğəmbərimizin vəzifələrini sadalayarkən birini də belə qeyd edir: “…(elçimiz) onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar…” Yəni, peyğəmbər həm də bunun üçün gəlib, gəlib ki, ayağımızdakı zəncirlərdən, çiynimizdəki artıq yüklərdən xilas etsin bizi. Xilas olaq, uçaq, uçaq, uçaq, merac eləyək, xoşbəxt olaq. Axı həzrət Məhəmməd özü də “asanlaşdırın, çətinləşdirməyin” deyirdi. Bəs niyə unuduldu bu mübarək təlimlər? İndi dinə baxsaq, sanki yükdən azad etmə deyil, yükləmə rolunu oynayır; yüngülləşdirməliydi, ağırlaşdırır, asanlaşdırmalıydı, çətinləşdirir… bu tərsəməzzəblik içində insan yazıq başını itirməsin, neyləsin?!

Yazı yekunlaşır, boylanıb səmaya baxıram, quşlar hələ də uçur, uçur, uçur...

Siz heç darıxan quş gördünüzmü?

Müəllif: İlqar Kamil

No comments :

Post a Comment