“…Hər
ehtimala qarşı, sənə insanla insan, yaxud insanla heyvan arasında cinsi
oyunları nümayiş etdirən pornoqrafik saytlarda vaxt keçirməməyi tövsiyə
edərdim. İnsanlar arasındakı seksual münasibətlərin bu sıxıcı
hərəkətlərdən ibarət olduğuna inanma! Bu hoqqaları məhz ona görə
uydurublar ki, sən bütün gün evdə oturasan və gedib real qızlarla tanış
olmaq fikri ağlına da gəlməsin…”
Görkəmli
İtaliya yazıçısı və filosofu Umberto Eko öz nəvəsinə (əslində, bütün
gənclərə!) ünvanladığı Yeni il müraciətini bu cür adlandırmışdır.
Məktubu sizə təqdim edirik:
-Əziz nəvəm!
Mən
istəməzdim ki, bu Yeni il məktubu nəsihətvari, yəni, bir növ De Amiçis
(əsasən uşaqlar üçün əsərlər yazan italyan şairi, Nobel mükafatı
laureatı- İkinci Mahmud) ruhunda səslənsin və sanki, bəşəri ideyaları
təbliğ edirmiş kimi görünsün. Onsuz da, sən mənə qulaq asmayacaqsan (mən
artıq çox qocalmışam, sənsə böyümüsən), həm də bu gün dəyərlər sistemi o
qədər dəyişib ki, mənim məsləhətlərim sənə yersiz görünə bilər.
Beləliklə, bircə dənə məsləhət verəcəm, elə bir məsləhət ki, bax bu
dəqiqə sən öz planşetini əlində tutarkən də praktik cəhətdən yararlı
olsun. Mən planşetlə bağlı sənə heç bir tövsiyə verməyəcəm, axmaq qoca
kimi görünmək istəmirəm. Axı elə mənim özüm də planşetdən istifadə
edirəm. Hər ehtimala qarşı, sənə insanla insan, yaxud insanla heyvan
arasında cinsi oyunları nümayiş etdirən pornoqrafik saytlarda vaxt
keçirməməyi tövsiyə edərdim. İnsanlar arasındakı seksual münasibətlərin
bu sıxıcı hərəkətlərdən ibarət olduğuna inanma. Bu hoqqaları məhz ona
görə uydurublar ki, sən bütün gün evdə oturasan və gedib real qızlarla
tanış olmaq fikri ağlına da gəlməsin. Ehtimal ki, sən heteroseksualsan,
ona görə də indi deyəcəklərimi sənin vəziyyətinə uyğun qəbul et:
məktəbdə və ya oyun meydançalarında qızlara göz qoy, onlar
televiziyalarda göstərilən yalançı personajlardan daha gözəldirlər və nə
vaxtsa sənə əsl sevinc bəxş edə bilərlər, nəyinki “online qızlar”. İnan
mənə, çünki mənim bu işlərdə təcrübəm var. (Əgər mən ömrüm boyu həmin
seksual oyunları izləsəydim, sənin atan dünyaya gəlməyəcəkdi və deməli,
sən də olmayacaqdın.)
Amma
mən səni və bütün yaşıdlarını yoluxdurmuş, indi artıq universitetlərdə
də tədris edilən bu “xəstəlik” haqda danışmaq istəməzdim…
Mən
yaddaşın itirilməsindən danışmaq istəyirəm. Düzdü, əgər sənə Böyük
Karlın kim olması yaxud Kuala-Lanpurun harda yerləşməsi haqqında məlumat
lazım olsa, bircə düyməyə basaraq bunu internetdən öyrənə bilərsən.
Lazımdırsa, bu cür də et, amma həmin informasiyalar növbəti dəfə yenə
lazım olanda, məsələn, məktəbdə təzədən internetə girməmək üçün çalış
ordakı məlumatları yaxşı-yaxşı yadında saxla. Bircə pis iş var ki,
kompyuterə istənilən an bütün suallarına cavab verməyə qadir bir qurğu
kimi baxmağın informasiyaları yadında saxlamaq həvəsini öldürür.
Məsələnin mahiyyətini daha yaxşı dərk etmək üçün sənə balaca bir misal
çəkəcəm: adam biləndə ki, bir küçədən başqa küçəyə avtobusla yaxud metro
ilə çox rahatlıqla və ləngimədən gedib çata bilər, onda o, fikirləşir
ki, piyada getməyin heç bir mənası yoxdur. Əgər sən, ümumiyyətlə piyada
yeriməyi tərgitsən, onda yalnız əlil arabasında hərəkət etməyə məcbur
olan bir varlığa çevriləcəksən. Yox, yox, əlbəttə mənim xəbərim var ki,
sən idmanla məşğul olursan, öz bədənini idarə etməyi bacarırsan, amma
gəl qayıdaq sənin beyninin məsələsinə…
Yaddaş
da elə bir növ sənin ayaq əzələlərin kimi bir şeydi. Əgər məşq
eləməsən, o, öləziyəcək və sən idiota çevriləcəksən! Bundan əlavə
hamımızın qocalıqda Alshaymer xəstəliyinə düçar olmaq ehtimalımız var və
bu xoşagəlməz vəziyyətdən qurtulmağın ən yaxşı yolu yaddaşımızı daima
məşq elətdirməkdən ibarətdir. Gəl sənə belə bir resept verim: uşaqlıqda
bizi buna məcbur etdikləri kimi hər səhər balaca bir şeir parçası tap,
əzbərləməyə çalış. Hətta dost-tanışlarınla birgə “yaddaş yarışı” da
keçirə bilərsiz. Əgər şeiriyyatdan bir o qədər də xoşun gəlmirsə, onda,
məsələn, futbol komandalarının tərkibini əzbərləməyə çalış, amma bir
şərtlə ki, təkcə Roma klubunun yox, həm də başqa klubların oyunçularını,
eyni zamanda həmin komandaların keçmiş tərkiblərini (təsəvvür elə, mən
Superqa təpəsinə qəzaya uğrayan təyyarənin göyərtəsindəki Turin klubun
bütün keçmiş üzvlərini xatırlayıram: Baçiqalupo, Ballarin, Marozo və
s.) yadda saxlamalısan. Yarış keçirin, görək kim oxuduğu kitabları daha
yaxşı yadında saxlayır: gör dostların üç muşkeytorun və Dartanyanın
qulluqçularının adını (Qrimo, Bazen, Muşketon və Planşe) xatırlayırmı.
Əgər “Üç muşketyor”u oxumaq istəmirsənsə, (onu da bil ki, çox şey
itirirsən!) onda bu yarışı oxuduğun hansısa başqa bir kitab üstündə
qurun. Bu, adicə oyuna bənzəsə də, – doğrudan da, bu, adicə oyundur –
bir də baxacaqsan ki, beynin müxtəlif personajlarla, hadisələrlə və
xatirlərlə aşıb-daşır. İndi durub soruşa bilərsən ki, bəs niyə vaxtilə
kompyuteri “elektron beyin” adlandırırdılar. Ona görə ki, kompyuter
sənin (bizim) beyninin modeli kimi düşünülüb, amma unutma ki, insan
beyni kompyuterdən qat-qat daha üstündür. Sənin beynin- sənin
kompyuterindir; o, hər zaman yanındadır; onu xüsusi məşqlərlə daima
genişləndirmək imkanın var, doğruçu kompyuteri isə, özün də bilirsən ki,
çox yükləyəndə sürəti zəifləyir və bir müddət sonra gərək yeniləyənsən.
Sənin beynin isə düz 90 yaşınadək sənə xidmət edə bilər, əgər lazımi
məşqləri etsən, hətta 90 yaşında da indi xatırladıqlarını xatırlaya
bilərsən. Özü də, kompyuterdən fərqli olaraq beynindən istifadə etmək
havayıdır.
Bir
də tarixi yaddaş deyilən bir şey var, bunun həyatındakı hadislərlə
yaxud oxuduğun kitablarla əlaqəsi yoxdur. O, sən doğulanadək baş vermiş
hadisələri özündə qoruyub-saxlayır. İndiki zamanda əgər kinoteatra
gedəsi olsan, gərək filmə lap başdan baxasan. Filmin əvvəlindən axırına
kimi, elə bil, kimsə sənin uşaq tək əlindən tutub orda baş verən
hadisələri izah etməyə başlayır. Mənim dövrümdə isə kinoteatra, kefin nə
vaxt istəsə, gedə bilərdim, hətta filmin ortasında da. Hadislərin çoxu
sən içəri girənədək baş vermişdi, indi gərək əvvəlki hadisələri özün
təxmin edəydin. Film təzədən başlayanda bayaq təxmin etdiyin şeylərin
doğru olub-olmadığını görə bilərdin, əgər film xoşuna gəlsəydi, oturub
başdan baxa bilərdin.
Həyat
da, bir növ mənim dövrümdəki filmlər kimi bir şeydi. Biz dünyaya o
zaman gəlirik ki, artıq bizədək min illər ərzində çox sayda hadisələr
baş veriş olur, burda ən vacib şey- bizədək olan hadisələri təxmin
etməkdir. Bu yolla indi baş verən hadisləri daha yaxşı dərk edə
bilərsən. Bu gün məktəblərdə sənə sən doğulanadək baş vermiş hadisələri
yadda saxlamağı öyrətməlidirlər. Onlar bunu edə bilmirlər! Müşahidələr
göstərir ki, 1990 təvəllüdlü gənclər, hətta universitet tələbəli belə,
50 il bundan əvvəli qoyaq bir yana, heç 1980-ci illərdə baş vermiş
hadislərdən xəbərləri yoxdur, ola bilsin, heç bilmək də istəmirlər.
Statistika göstərir, bugünkü gənclərdən Alde Moronun kim olması haqqında
soruşanda onlar cavab verirlər ki, o, “Qırmızı briqada”nın üzvü olub,
əslində isə, Alde Moro məhz bu gizli, radikal-solçu təşkilatın üzvləri
tərəfindən qətlə yetirilmişdi. “Qırmızı briqadanın” fəaliyyəti bu gün də
çoxları üçün sirr olaraq qalır, halbuki onlar cəmi otuzca il bundan
qabaq siyasi səhnədə idilər.
Mən
faşistlərin hakimiyyətə gəlməsindən 10 il sonra- 1932-ci ldə
doğulmuşam, amma mən bilirdim ki, Roma marşı zamanı baş nazir kim olub.
Ola bilsin ki, mənə həmin baş nazirin necə axmaq və qorxaq olduğunu
(“qorxaq Fakta”) izah etmək üçün onun haqqında faşist məktəbində
danışmışdılar. Qoy elə olsun, amma ən azından, mən onun adını
eşitmişdim. Məktəbi qoyaq bir tərəfə. İndiki gənclər özlərindən iyirmicə
il əvvəlki kino artistlərini tanımırlar, amma mən mənim dünyaya
gəlməyimdən 20 il qabaq kinoya çəkilmiş Françesko Bertininin kim
olduğunu bilirdim. Ola bilsin, bu, mənim evimizdəki köhnə jurnalları
vərəqləməyi xoşladığıma görə idi. Mən sənə də köhnə jurnalları
vərəqləməyi tövsiyə edərdim, bu, sən doğulandan əvvəlki hadisələri daha
yaxşı anlamağa kömək edəcək.
Bəs
uzaq keçmişdəki hadisələri bilmək bizim nəyimizə lazımdı? Çünki bu cür
bilgilər bizə bugünkü hadisələri dərk etməkdə yardımçı olur və hər
halda, futbol komandaları haqqında olan informasiyalar kimi yaddaşımızı
yaxşılaşdırmağa xidmət edir.
Onu
da bil ki, sən öz yaddaşını təkcə kitab yaxud jurnallarla deyil, həm də
internet vasitəsilə məşq etdirə bilərsən. İnternet təkcə sən öz
dostlarınla laqqırtı vurasan deyə yaradılmayıb, o, həm də dünya tarixini
öyrənmək üçün yararlı vasitədir. Xettlər və kamizarlar kimdirlər?
Kolumbun gəmiləri necə adlanırdı? Dinozavrlar nə zaman məhv olublar?
Öküzün əcdadı necə adlanırdı? Mali imperiası haqqında nə bilirsən? Bu
haqda ilk dəfə kim məlumat vermişdir? İlk Roma Papası kim olub? Miki
Maus nə zaman yaradılıb?
Sənə
sonzuz sayda bu tip suallar verə bilərəm və bu, səninçün gözəl
araşdırma mövzusu olardı. Bunların hamısını yadda saxlamaq lazımdır.
Vaxt gələcək sən də qocalacaqsan, əgər Vaterloo döyüşündə iştirak
etsəydin; Yuli Sezarın öldürülməsinə şahid olsaydın, Bertold Şvarçın
qızıl əldə etmək üçün əlinə keçən bütün maddələri qarışdıraraq təsadüfən
barıtı kəşf etdiyi və partlayışdan havaya uçduğu (ona bu da azdı!)
yerləri gəzsəydin, sənə elə gələrdi ki, bir yox, min ömür yaşamısan. O
biri dostların isə yaddaşlarını zənginləşdirməyə cəhd göstərmədiklərinə
görə yalnız bircə ömür – öz yeknəsəq və böyük emosiyalardan kasad
ömürlərini yaşayacaqlar.
Qısası, öz yaddaşını zənginləşdir və sabah “La Vispa Tereza”nı əzbərləməyə çalış..
Tərcümə : İkinci Mahmud
No comments :
Post a Comment