Thursday, January 7, 2016

Sənin harana yaraşır "skaya" olmaq

Yolla gedərkən arxamca gələn zövqsüz geyimli, hər halları ilə rayonlu olduqları bilinən üç qız arasında yaşanan dialoqun qulaq şahidi oldum. Mövzu Allah barədə idi. Biri "c" hərfinin "dz" kimi tələffüz olunduğu ləhcə ilə Allahın mövcudluğunun əleyhinə öz aləmində arqument gətirib dedi ki, Allah varsa, onda niyə müharibələr baş verir? Bunu eşidən kimi istədim arxamdakı həmin qıza tərs təpik ilişdirim. Bezmişəm dəfələrlə müxtəlif şəkillərdə cavabı verilmiş bu axmaq sualdan. Amma ilişdirmədim. Çünki arxamca gəldikləri üçün bilmirdim onlardan hansıdır bu sözü deyən. Nə isə, yerişimi qəsdən yavaşladaraq bunların söhbətinə hiss etdirmədən qulaq asmağa davam edirdim. Bu arqumentə cavab olaraq qızın opponenti elə onun ləhcəsi ilə dillənib dedi ki, bunlar sınaqdı, filandi, beşməkandı. Yəni səthi, əsaslanmamış olduğu üçün əlavə suallar doğuran bir cavab oldu. Dərhal bilinirdi ki, inkarçı qızın həmsöhbəti belə mövzulara hazır deyil. Elə inkarçı özü də bu söhbətlərə yad idi. Sadəcə sosial şəbəkələrdəki dinsiz tematikalı səhifələrdən gördüyü bir-iki əzbərlənmiş suallarla debatdakı mövqeyini gücləndirirdi. Üçüncü qız isə sakitcə bu ikisinin söhbətinə qulaq asırdı. Bunları dinləyə-dinləyə gedirdim ki, bir də ayılıb gördüm dönməli olduğum yolu keçmişəm. Dərhal çevrilib geri qayıtdım. Bu söhbətdən son eşitdiyim isə ateist qızın "məncə Allah yoxdur" kəlməsi oldu.

Türklərdə gözəl bir söz var - kezban. Nədir bu kezban? Cahil, bikar, zövqsüz, həyatının yeganə məqsədi ər tapıb balalamaq olan qız xeylağı. Bizdəki "qıjı", "çuşka" terminləri xüsusiyyətləri göstərilən qız tipinə aid olsa da onu tam ifadə eləmir. Çünki bizim bu terminlər ümumi klasifikasiya olub hər iki cinsi özündə ehtiva edir. Kezban isə konkret bir cinsə aid olunur. Bax həmin bu kezbanlar arasında dinsizlik sürətlə yayılır. Üzərindən tövlə qoxusu təzəcə çəkilməyə başlayan kənd kezbanları, kənd əsilli olub şəhərdə doğulub, böyüməyinə baxmayaraq şəhərə adaptasiya ola bilməyən şəhər kezbanları təsadüfən necəsə əldə eliyib oxuduqları ağıl tərəfi görünməyəcək qədər az, emosiya yükü ürək bulandıran bir-iki kitabdan sonra dinsizliyin haqq olmasına qənaət gətiriblər ki, bunun da ümumilikdə oxudan qaynaqlandığını demək olmaz. Zira bir xeyli mutaliə təcrübəsi olan mən və məndən çox kitab tanışlığı olan kəslər nəticədə dinsiz olmayıb. Əlbət ki, ortada kitab görməmişliyi, boş qalmış bilik bazası faktorları var ki, bu vəziyyətdən az irəlləyişlə uzaqlaşmaq belə həmin qızlarda çevriliş effekti yaradır. Reqressiv mühitdə böyüdukləri, həyatlarının müəyyən yerinə qədər heç bir mənəvi inkişaf əldə eləmədikləri üçün hansısa xırda dəyişiklik onları öz məhfərlərindən oynadır. İntellekt bünövrələri olmadığına görə əldə olunan yeni biliklər dayaqsız qalır. Və bu baxımdan hər hansısa yeni bilik özünə dair əvvəlki məlumatlar olmadığı üçün tamamlanmayıb yarımçıq qalmaqla həmin bu kezbanlara neqativ təsir eliyir ki, yarımçıq bilikdən doğan yersiz təkəbbürün yol açdığı dinsizliyi buna örnək kimi göstərmək olar. Çətin keçən uşaqlıq dövrlərini də unutmamaq lazımdır. Valideyin xofu, mənsub olduqları cəmiyyətin basqısı özünü realizə etmək haqqından onları məhrum edib. Bütün əngəllər bu qızları öz qabıqlarına qapadıb. Yetkinlik çağına qədər öz tayları ilə vaxt keçirdikləri üçün inkişafsızlıqlarının fərqinə varmayıblar. Yetkinlik yaşına çatdıqlarında isə sağlam mühitdə yetişmiş digər həmyaşıdlarının əhatəsinə düşürlər və onların kiçik yaşlarından gələn uğurlu fəaliyyətlərinin şahidi olub həmin yaşıdlarından necə geri qaldılarını anlayırlar. Təbii ki, bunu həzm etmək onlar üçün mümkünsüzdür. Nəticədə həzm olunmayan bu gerçəklər mənəviyyatlarındakı boşluqlara dolaraq eqolarını qabardır. Beləcə biz onların inkarlarının ən ümdə səbəbi ilə qarşılaşırıq ki, bu da inkarlarının geridəqalmışlıq kompleksindən törəyib özünüisbat hədəfinəcən istiqamətlənməsidir. İstənilən ideoloji xətt onların timsalında bayağı şəkil alır. Dinsiz olmaqla həyatlarının yeknəsəqliyindən qurtulduqlarını sanır həmin zənənlər. Lakin çıxış yolunu bu cür əsasa bağlamaqla hələ də primitivlik həddini aşmadıqlarını göstərirlər.

Dünənin çuşkaları, konkret olaraq kezbanları bu günün ultramodernləri kimi. İndi onlar aksessuar olaraq şəffaf eynək taxıb, babat yerlərinə şortik, ayaqlarına ipi yerlə sürünən krasovka keçirir, sadə geyim elementlərini birləşdirib göstərişli tərz yaradır, vaxtlarını isə Tarqovı küçəsində sovururlar. Halbuki onların böyük səylə gizlətməyə çalışdıqları bir neçə il öncəki şəkillərinə baxsanız saçlarını əndrəbadi formalara salan, qoluna döymə, qaşlarına pirsinq vurduran bu qızları uzun hörüklərlə, topa qaşla, qollarında döymə əvəzinə xına ilə çəkilmiş naxışlarla görəcəksiniz. Onlar günü gündən yarımçıqlaşan şəxsiyyətlərini tamamlamaq üçün öncə tərzlərini, sonra isə tərzə uyğunlaşdırmaq üçün düşüncələrini dəyişdilər və ya əksinə. İndi isə keçmişlərindən utanan bu qızlar sanki eyibmiş kimi öz kəndliliklərini gizlətməyə çalışırlar. Zənnlərinə görə bütün nöqsanları kəndli mayaları ilə bağlıdır.

Bu əyrimçələrə dair bir xüsusu da qeyd eliyib yazını bitirirəm. Hələ bu yaxınlara qədər sosial şəbəkələrdə alternativ stilli oğlan, qız və bunların arasında bir-iki əhəmiyyətsiz, fikir axınında payı olmayan intellektual tərəfindən inanc əleyhinə deyilmiş aforizmlərin yazıldığı şəkillərlə dolu, rusmənşəli -skaya (-ski) ilə bitən soyad sonluqlu profillər var idi (örnək: Ranevskaya). Bəzisi roman qəhrəmanlarına məxsus, bəziləri isə bilmirəm hardan götürülmə familiyalar idi həmin profillər üçün seçilmiş adlar. Bu profillər indi də var. Sadəcə adlar dəyişilib. Şəkillər isə qalır. Bax o profillər transformasiya keçirmiş kezbanlarındı. Arabir rastıma bu cür profillər çıxanda misginliklərinə gülüb keçirəm. Rusca qandıqları qrafa yoxdur. Mənim üçün çin dili necə səslənirsə onlar üçün də rus dili o cür səslənir. Amma "skaya" olmaq eşqindədilər. Üzlərinə baxıb ürəyində deyirsən ki, az sənin harana yaraşır -skaya olmaq?!

Asiman Ağayev

No comments :

Post a Comment