Monday, December 7, 2015

Cənnətə gedən yol

Bir gün uzun və çətin yolla bir nəfər öz iti ilə gedir. Birdən qarşılarında böyük bir saray görürlər. Güllər, musiqi, gözəllik... bir sözlə, hər şey möhtəşəmdir.
Kişi sarayın qapısında dayanan şəxsdən soruşur:
- Bura haradır?
- Bura cənnətdir, sən ölmüsən və bura daxil olub əsl istirahət edə bilərsən. 
- Su var içəridə?
- İstədiyin qədər. Həm də təmiz fəvvarələr, sərin hovuzlar var. 
- Bəs yeməyə nəyiniz var?
- Nə qədər istəsən yeyə bilərsən. 
- Bəs mənim yanımdakı it necə olsun?
- Təəssüf ki, içəri itlə girmək olmaz. Onu bayırda saxlamalısınız.
Yolçu buna təəssüflənir və yoluna davam edir. Bir az getdikdən sonra yaxınlıqda bir ferma görür. Fermanın qarşısında oturmuş kişidən soruşur:
- Susamışam, su var sizdə?
- Əlbəttə, orada balaca quyu var. 
- Bəs mənim itim? 
- Quyunun yanında itin su içməyi üçün də qab var.
- Bəs yeməyə nəyiniz var?
- Sənə axşam yeməyi verərəm.
- Bəs itim ac qalmaz?
- Xeyr, ona da bir sümük taparıq. 
- Bəs buranın adı nədir?
- Cənnət. 
- Elə şey olar? O tərəfdəki sarayda dedilər ki, cənnət oradır axı.
- Yalan deyiblər, ora cəhənnəmdir.
- Bəs siz cənnətdəkilər buna necə dözürsünüz ki, bura gəlmək istəyənləri aldadıb ora aparırlar?
- Onların belə etməyi bizə sərf edir. Cənnətə qədər yalnız o adamlar gəlib çatır ki, öz dostlarını yarı yolda qoymurlar.

No comments :

Post a Comment