Monday, December 7, 2015

Özümə məsləhət

Ey əziz qardaşım və ey əziz bacım! Nəfsimə deyəcəklərim var, dinləmək istəyirsənsə gəl birlikdə dinləyək:
Ey Nəfsim, Allah Firona həyat verir, nəfəs verir, qüdrət verir, şan şöhrət, saray, vəzirlər, vəkillər və s. ama Firon "ene rabbukumul ala - mən sizin ən böyük Rəbbinizəm" deyir; Allah "bunun danışığına bax" demir, "sənə bundan sonra nəfəs almaq belə haram" demir əksinə olaraq ona peyğəmbər göndərir, göndərməklə yetinməyib "onunla yumşaq danış" əmrini verir; Allaha xatir söylə ey nəfsim, bu nə deməkdir? Şəfqətin bundan gözəl ifadəsi ola bilərmi? Hətta (haşa) belə də edə bilərdi Allah: "bir kəlimə daha söylə alım canını, həlak edim səni", yox əsla yox, peyğəmbərinə onunla yumşaq danış deyir, bəlkə yola gələr, bəlkə bir nəsihət alar deyir. Allahu Əkbər, İlahi şəfqətdir bu, axı Allahın qulları üzərində əməyi var, Rəbbimiz Fironu belə gözdən çıxarmır, ondan vaz keçmir; Ey nəfsim, gəl Əbu Ləhəb surəsinə də nəzər sal; əslində "təbbət yədə əbi ləhəbin" ayəsi bir şəfqət ifadəsidir. Yəni "təbbət yədə əbi ləhəbin - Əbu ləhəbin iki əli qurusun", heç düşündünmü ey nəfsim, iki əl nədir? bir sonrakı ayə bunu açıqlayır: "mə ağna ənhuməluhu vəmə kəsəb", yəni malı və kisbi yəni qazancı. Diqqət et: Allah Əbu Ləhəb qurusun demir, iki əli yəni malı və qazancı qurusun, niyə? çünki malı və qazancı Əbu Ləhəbimi məndən aldı. Əbu Ləhəb mənim qulum, Mən ona əmək verdim hər bir qula verdiyim kimi, adam olsun deyə yaratdım, fəqət malı və qazancı onu əlimdən aldı, qurusun onu əlimdən alan iki şey, demək deyilmidir bu? Bu şəfqət deyilmi? Rəbbimizin lənəti belə şəfqətdir.
Ey nəfsim, nolar ki, sən də insanları gözdən çıxararkən bir daha düşünsən? Ön yargılarını və yargısız infazlarını kənara qoy, çünki gün gələr anidən həqiqət ortaya çıxar və ön yargılı davrandığın üçün, yargısız infaz etdiyin üçün o qədər stres keçirərsən ki, əlini dirsəyinə qədər gəmirmək istərsən, saatlarca ağlarsan, ama nə fayda qırılan qəlb artıq qırılmış, nə bir üzür nə də bir ömür yetər onu geri qaytarmağa, heç o qəlbi tapa da bilmərsən, bəlkə də həmin qəlb sakit sakit qəbrində yatmışdır. Ey nəfsim!, başqalarının həyatından örnək al, axı insan bütün səhvləri özü edəcək qədər uzun yaşamır, Ey nəfsim!, birisinin üstündən xətt çəkib kənara atarkən xətt çəkən "qələm"ini bircə saniyəlik kənara qoy, nolar əl saxla ey zalım nəfsim və Allah-Firon, Allah-Əbu Ləhəb qissələrini xatırla, xatırla ki "üstündən xətt çəkirəm, gözdən çıxarıram bunu" düşüncəsiylə nəfəs alarkən "bəs Allah bu davranışa nə deyər?" düşüncəsi "qələm"ini qırmağa mane olsun

No comments :

Post a Comment