Monday, February 22, 2016

Halal qavramı haqqında

Halal-haram məsələsinin istehlakçıdan daha çox istehsalçıya, tələb edəndən daha çox təklif edənə aid olduğunu insanlar bilməlidir artıq. Halal kəliməsi o qədər deformasiyaya uğrayıb ki, məna tamamilə yoxa çıxıb yerini kiçik mənasız şərtlər və rituallar tutub. Halal mənaca heyvanın başının hansısa istiqamətə, hansısa sözlərlə kəsilməsi deyil. Və halallıq təkcə ətlə, ətin kəsilmə qaydaları ilə limitlənmir. Hətta deyərdim kəsilmə məsələsi ən sonuncu düşünüləsi prosesdir. Təklif etdiyimiz hər bir mal, hər bir xidmət mütləq halal-haram süzgəcindən keçir.
Məndən halal kəliməsinin həqiqi anlamına dair soruşsalar onlara bu cümləni deyərdim - Özünə rəva bilmədiyini başqasına rəva bilmə. Məhsulun halal olması üçün, istehsalçının onu öz balalarının istifadəsinə yararlı şəkildə istehsal etməsi əsas şərtdir. Yəni bir qoyunu, toyuğu pis böyüdür, heyvanlara zülm edir, genini dəyişir, iynə ilə çəkisini artırırsansa bu artıq halallıqdan çıxmış olur. Bu əti sonra istəsən məscidin həyətində kəs, ya nəzir de kəs, ya da quranı başdan ayağa oxu sonra kəs, xeyri yoxdur. İşin içinə əməldə haram qatdınsa onu hansısa istiqamət və ya sözlər halal edən deyil.
Mənə görə İslamda olan halal sözü xaricilərdə "faretrade" sözünün daha gözəl və daha zəngin formasıdır. Təklif etdiyin hər bir məhsulun arxa planı, istehsal yolu təmiz olmalıdır ki, bu məhsul islam "dili" ilə desək halal olsun. Sənin əlində ferma təsərrüfatı varsa, işçilərin haqqını vaxtında və yüksək səviyyədə ödəməkdən tutmuş, ətraf mühitin qorunmasına kimi, heyvanlarla rəftara kimi hər şey məhsulunun halal və ya haram olmasına təsir edir.
Quranda "görülən işlərin Allah adına edilməsi" əmr olunur. Bunu ucuzlaşdırıb Allah kəliməsini işlətməklə etdiyimiz (və ya kəsdiyimiz) halal olur iddiasında olmaq, İslama və Qurana hörmətsizlikdən başqa bir şey deyil. Yəni bu ümumiyyətlə məsuliyyətsizlik və ciddiyətsizlikdir. Allahın adı ilə iş görmək, o işi Allahlı (vicdanla) yerinə yetirmək deməkdir. Allah adına iş görmək, qəlbində Allahı şahid tutub məhsulunun gözəl, zərərsiz, düzgün şərait və şərtlərdə, heç kəsin haqqını yemədən ərsəyə gətirildiyinə inanmaq və güvənmək deməkdir.
p.s - Faretrade kasıb ölkələrdə əhalinin (təsərrüfatla məşğul olan fermerlərin, həmçinin işçilərin) əkib-becərdiyini dürüst qiymətlə almaq, onlarla düzgün ticarət etmək deməkdir.

Cavid Şirinov

No comments :

Post a Comment