Thursday, February 18, 2016

Quranda qadın haqqları

Uzun zaman olar Qurandan yazı yazmıram. Hər yazımı quranlı (vicdanımla və həyatdan) yazmağa çalışsam da Quranın özündən ayələrlə bağlı yazmadığım uzun zamandır. Zatən Quran da bunu öyrədib mənə. Həyatla Quranı, Quranla da həyatı dərk edib insanlara sadə yaşam dili ilə Quranlı (vicdanlı, qərəzsiz, dürüst) fikirlər söyləmək. Mahiyyət bundan ibarətdir. Yoxsa ayə paylaşmağı, hər çatdığın yerdə ayələrdən danışmağı tələb edən Quran görmədim mən. Sadəcə son zamanlar sosial şəbəkələrdə bəzi haqlı suallarla rastalşıram. Savadlı ateist və ya tesist insanlar yalnış təbliğ edilən quran üzərindən suallar verirlər. Bu gün də birini oxudum istəyirəm bu haqda fikrimi bölüşüm. (Loru dildə yazacam, redaktəetməyə, bəzəkli yazı düzəltməyə həvəsim yoxdu)
Sual- İslam nəyə görə şahidlik məsələsində 1 kişini 4 qadına bərabər edir? 1 kişinin şahidliyi = 4 qadının şahidliyi . Xeyir ola? Bəs hanı o islamda qadına hörmət?
İlk öncə onu deyim ki, dörd qadın söhbəti uydurmadır. Quranda iki qadın keçir. Yəqin on il sonra səkkiz qadın deyəcəklər bunu. Amma bu önəmli deyil. İnsanların araşdırmamasından irəli gəlir. Ayə təxminən belədir. Bu işlərinizdə iki kişi şahid tutun. Güvəndiyiniz iki kişi yoxdursa, bir kişi və iki qadın şahid tutun.
Əvvəla onu qeyd edim ki, Quran Allahın insan dili ilə, insanlara xitabən, yaşananlar üzərinə sözləridir. Yəni Allahın bizlər üçün anlayacağımız dildə əsəri. Bu əsəri bütün mahiyyətini dərk etməsək, əsərə cümlələr şəklində qiymət versək əsərə hörmətsizlik etmiş olarıq. Yəni Quranın ümumi mahiyyətini, tərzini, üslubunu anlamamış ayələri parçalara ayırıb onları müzakirə etmək yalnışdır.
1. Ayə endiyi dönəmlərdə qadını hüquq işlərinə salan, onları ciddi şəxsiyyət qəbul edib onlardan fikir soruşan toplum və mədəniyyət yox idi. Düzü indi də biraz belədir. Bir çox ailələrdə buna rast gəlmək olur. Arvadsan ged arvad işlərinlə məşğul ol kimi bir şey. Bu anlamda Quran bir ilkə imza atır. Qadını şahid kimi hüquqi işlərə müdaxil edir. Quran tərzini anlayanlar bilir ki, Quran zamanla, mərhələli şəkildə tərbiyə edir. Yəni bu ayədə iki qadını şahid tutun deyirsə, gələcək ayələrin bir çoxunda evlilik şahidliyində, pis işlər görmüş eşlər şahidliyində saylar bərabərləşir. Yəni artıq sonrakı dövrlərdə bu mərhələ adlanıb, qadın və kişilər eşitləşib.
2. Həmin dövrdə ticarət kişilərin əlində idi. Həmin ayənin əvvəlində bu şahidliyin pul, borc, ticarət məslələrinə aid edildiyi görülür. Yəni həmin dövrdə sözü keçən mövzuda kişi biliyi qadın biliyindən 2 qat, bəlkə də daha çox üstün idi. Yəni indiki dövrlə desək futbol çempionatı ilə bağlı dostunuzla mərcə girirsiniz. İki oğlan axtarırsan ki, şahidlik etsin. Bir oğlan tapırsan ikincini yox. Qıraqdan bir qıza deyirsən ki, belə mərcləşdik yadında saxla. Ama o qızın futboldan çox da başı çıxmır, siz ikinci bir qıza da hər ehtimalla deyirsiz ki, biri unudanda o biri heç olmasa bilsin. Quranda da ayənin davamı eynilə belədir. Biri unudarsa və ya yalnış xatırlayarsa ikincisindən soruşun. Baxın demir aa, ikisindən birdən soruşun. Yenə 2 = 2 olur. Biri unudarsa (əgər) o birisinə ehtiyac duyularsa o zaman ikincidən soruşun. Yəni 1=2 söhbəti yalnışdır. Hər ehtimalda 2 və 2 dir. Ama əgər qadınların hər ikisi ağıllı olarsa və unutmazsa? Onda üçüncü variant gəlir ki, bu da qadınların xeyrinədir.
3. Qəbul edək ki, bir kişi və iki qadını şahid götürdük. Nə gözəl. Bu səs çoxluğudur. Təsəvvür edin Y partiyasının iki nümayəndəsi məclisə girməli idi. Sonra dedilər ki, millət vəkili olaraq bir nəfər Y partiyasından və iki nəfər X partiyasından alınsın. İndi kimin səsi daha çox olur? Şahidlik, səs vermə hüququdur bunu da unutmayaq. Yəni bir çox mübahisəli məqamda iki qadına səs vermə hüququ tanınmış olur bu ayə ilə.
Sonda onu demək istəyirəm ki, baxış açısı önəmlidir. Hər şeyi pis tərəfə çəkmək, pis tərəfini görmək düzgün deyil. Hətta bəlkə mən də heç tam anlamı ilə düzgün izah etmirəm. Bəlkə bunu oxuyanlar , ayələri daha düzgün araşdırıb daha gözəl mənalar görə bilərlər. Beynimiz bizə verilən ən böyük potensial, bizə qoyulan ən böyük kapitaldır. Araşdırma ilə nələr öyrənilər nələr.

Cavid Şirinov

No comments :

Post a Comment