Thursday, February 18, 2016

Kainatı Tanrının/Allahın yaratdığını hardan bilirsən

İslama qarşı, xüsusən də teizm-ə qarşı gətirilən çox şablon, səthi və mənasız bir arqument var. Belə ki, bir müsəlman (teist) kainatı yaradan, var edən və ona fizik qanunlarını qoyan bir Tanrının varlığını müdafiə edəndə bəziləri "Kainatı Tanrının/Allahın yaratdığını hardan bilirsən? Bəlkə kainatı bir uçan boşqab yaradıb, bəlkə bir əjdaha yaradıb, bəlkə bir canavar yaradıb və s." kimi etirazlar edirlər. Bu fikirlər o qədər absurd, fəlsəfi cəhətdən o qədər yoxsul və o qədər mənasızdır ki, adam hardan başlayacağını bilmir. Gəlin burdan başlayaq:
1) Bu sualı verməzdən öncə soruşulması lazım olan sualı görməzdən gəlirlər. Yəni sualı belə verə bilərlər: "Siz kainatı yaradan bir Tanrının olduğunu müdafiə edirsiz, tamam, bəs bunu nəyə əsasən müdafiə edirsiz?". Amma əksər halda bu sualı vermirlər, qarşı tərəfin əsaslandırmalarını dinləmədən kainatı bir əjdahanın, bir canavarın niyə yarada bilməcəyini soruşurlar ki, burda məqsədləri zatən bəllidir; söhbəti yayındırmaq və söz oyunu oynamaq. Halbuki teistlərin kainatı yaradan bir Tanrının varlığını hansı səbəblərə görə müdafiə etdiyini normal şəkildə dinləsələr, o zaman "yaradan niyə bir əjdaha deyil, bir canavar deyil " tipli suallar verməzdilər.
2) İnterference to the best explanation, yəni "açıqlamalar arasında ən məntiqli açıqlamaya baş vurma" - fəlsəfə prinsipini bilmirlər və ya görməzdən gəlirlər. Qısaca bu prinsip onu deyir ki, alternativlər arasında hansı daha məntiqlidirsə və tutarlılığa sahibdirsə, o ən uyğun açıqlama hesab olunur, taa ki ondan daha güclü və məntiqli açıqlama gətirilməyənə qədər. Məsələn, siz telefonunuza 10 rəqəmli kod qoymusuz. Mən telefonu götürürəm və kodu aça bilirəm. İndi mənim kodu aça bilməyimin ən məntiqli açıqlaması nədir?
a) Mən o kodu bilirdim deyə telefonu aça bildim
b) Mən təsadüfən klaviaturaya basdım, rastgələ şəkildə bir kod yığdım və telefon açıldı.
Hər iki hal mümkündür, amma hansının baş vermə ehtimalı daha çoxdur? Şübhəsiz ki, birincinin. Yəni telefonu aça bilməyimin ən məntiqli açıqlaması o kodu bilməyimdir. Bu açıqlama xaricindəki açıqlamaların da mümkün olma ehtimalı var, lakin ehtimallar çox zəifdir və digər alternativlərin məntiqli və tutarlı olmaları göstərilmədiyi təqdirdə birinci variantın doğru qəbul edilməsi daha məqsədəuyğundur.
Eynilə də kainatı açıqlamaya baş vuran biri açıqlamanı bu şəkildə edir: Qüdrət və elm sahibi bir Tanrı var və onun iradəsi nəticəsində bu kainat var olub. Çünki kainatın öz-özünü yarada biləcəyi və ya şans əsəri yarana biləcəyi fikri ehtimal cəhətdən çox zəifdir. Buna görə də açıqlama üçün bir Tanrının varlığını önərmək daha məntiqlidir... Bu açıqlama öz yerində.
Qarşı tərəf nə edir? Deyir ki, yaradan bəlkə Tanrı deyil, bir əjdahadır, bəlkə bir canavardır və s.
İnsafla baxaq; buna biz məntiqi yanaşma deyə bilərikmi? Ay qardaş, axı sən bəhs etdiyin şeylər yaradılan, gözümüzlə görə bildiyimiz şeylərdi, onlar da heç kainatı yarada bilərlər? Barı insan daha məntiqli açıqlama təqdim edər, sən özünü doladığının fərqindəsən?
3) Bu sualları vermələri "Tanrının sifətlərini və xüsusiyyətlərini bilməməkdən" qaynaqlanır. Yəni teizmin etiqad etdiyi Tanrı kainatı yaratdığı üçün elm, iradə və qüdrət sahibdir. Kainatı yaratdığı üçün məkan olaraq kainatda deyil və zamanı da yaradan biri olduğu üçün zamandan da asılı deyil...
Sən nə edirsən?! Zamandan, məkandan asılı olan şeylərdən yola çıxaraq "bəlkə bunlardan biri yaradıb" tipli məntiqsiz fikirlər yürüdürsən. Halbuki bəhs etdiyin şeylər Tanrının xüsusiyyətlərinə sahib olmadıqları üçün Tanrı ola bilməzlər...
Bu arada qarşı tərəf belə bir şey iddia edə bilər:
Okay, Kainatı X adında qüdrətli və elmli bir varlıq yaradıb, bəs sizin bəhs etdiyiniz Tanrının o X varlığı olduğunu hardan bilirsiz?
Cavabında demək lazımdır ki, sən bilirsən nə etdin? Tanrının xüsusiyyətlərini götürdün X adlı bir varlığa yüklədin, yəni kainatı yaradan birinin elm, qüdrət sahibi olması lazımdır, sən də bu xüsusiyyətlər götürdün yüklədin bəhs etdiyin X varlığına. Nə dəyişdi? Heç nə!
Bu bilirsiz bəyə bənzəyir? Təsəvvür edin ki, mənə riyaziyyat dərsi deyən birinə gah Əli deyirəm, gah Hüseyn, gah Həsən. Nəsə dəyişir? O adam yenə də mənə riyaziyyat dərsini verən kəsdir. Eynilə də kainatı yaradan birinə istəyirsən God denən, istəyirsən Allah denən, istəyirsən Einstein denən, istəyirsən X denən, istəyirsən Y denən, lap istəyirsən uçan canavar, uçan əjdaha denən. Nəsə dəyişəcək? Sən sadəcə fərqli ad vermiş olursan, mahiyyəti etibarı ilə O yenə də kainatı yaradan, elm və qüdrətli sahibi olan Tanrıdır.
Nəticə etibarilə, bu tip iddialar çox əsassızdır və ciddiyə alınacaq tək bir tərəfi də yoxdur.

Rəşad Əli Eyvazov

1 comment :

  1. bu boyda yazi yazdin amma heqiqeten senin hec bir mentiqin olmadiginin qenaetine geldim.senin sozunden bele cixir ki bu kainat ozu ozunden yaranib ve hec bir yaradana ehtiyaci yoxdur?onun yaradan terefinden yaradilmasi sablon ve apsurt bir fikirdir ele?mence sen birinci ozunden baslasan yaxsi ederdin.cunki ele insanin ozu yoxdan yaranan bir varliqdir.yeni ki bir parca nutvenin hissesidir insan deyilen varliq.sence bir parca sireli su ozu ozune boyuyub senin boyda insana nece cevrile biler?bu barade dusun onda beserin ozu ozune yaranmadigina yeqinin olar

    ReplyDelete