Wednesday, March 9, 2016

Körpəmi, köpəkmi?


Təsadüfmü? Birisi çıxıb İslamın qadını alçaltdığını iddia edir. Bu söz nə cür olursa olsun analığa toxunur. Axı bu nə deməkdir? İslamın qadını alçaltdığını iddia edən "müasir" bəy və ya xanımların ağıllarının dibini qazısaq, analığı çox pis bir şəkildə alçaltdıqlarını görərik. Onların ortaq nöqtələri də elə məhz budur.
Analığı alçaltmanın yolları çoxdur. Bunların ən önündə isə dünyanın ən şərəfli işini görən analara "boş qadın" olaraq davranmaq durur. Onlara ("müasir"lərə) görə işləmək üçün evdən çıxmaq lazımdır. Yolu görmək yola görünmək lazımdır. Bir qadının "işləməsi" üçün özünü cəmiyyətə göstərməsi şərtdir. Sabah səkkizdən axşam doqquza qədər (çünki qadın ucuz işçi qüvvədir) işdə olması şərtdir. Bunun üçün başqa şeylər də lazımdır: "Müasir" görünüşün vaciblərindən olan şeylər. Axı hər gün eyni paltarda, eyni saç rəngiylə, eyni ayaqqabılarla, eyni çantayla işə getmək olmaz... Axı yeniləmək lazımdır, rəngini uyğunlaşdırmaq lazımdır... Saça uyğun paltar, paltara uyğun ayaqqabı, ayaqqabıya uyğun çanta, çantaya uyğun pulqabı, ona uyğun telefon və s. lazım... Dəbi keçənləri dəyişdirmək lazım. Bunun üçün də dəbi izləmək lazım... Qısacası istehsal-istehlak ikilisinin çarxında yağ, dəyirmanında un olmaq lazım... Bax elə bütün bu saydıqlarım üçün də işləmək lazımdır. Axı işləmədən bu xərcləri necə qarşılamaq olar? Daha yaxşı görünmək üçün daha çox qazanmaq lazım, o da çatmırsa daha da çox lap çox qazanmaq lazım, çünki yaxşı görünmək üçün daha çox xərcləmək lazım... Görünmədən daha da çox qazanmaq mümkün deyilsə o zaman daha çox görünmək lazım... Qısacası hərkəsdən yaxşı görünmək üçün hərkəsdən çox xərcləmək, hərkəsdən çox xərcləmək üçün də hərkəsdən çox qazanmaq lazım... İndi bunların hansı hansına lazımıydı deyə soruşsam, vallah ağlım çaşdı deyərsən...
Evdən çıxıb işə getməyən qadının işi "iş" deyil. O yuxarıdan baxılan, "evdar qadın" deyə xitab edilən bir "aciz"dir. Evinin xanımı olmaq "müasir"lərə görə dodaq büzüləcək bir işdir. İşgüzar qadın daha xoş səslənir axı, hətta küçə qadını belə "evdar qadın"dan daha yaxşı və xoş gəlir "müasir"lərə. Axı "müasir"lərə görə o ərinin pulunu yeyir. Müdür pulumu??? Müdür tənqidimi??? Başqa kişilərin ağız qoxusumu??? Hər işə gediş gəlişdə nəqliyyatdakı narahatlıqlarmı??? Bunlar hələ işin bir parçasıdıre ay qardaş, o "müasir"lərə görə yetər ki ər sözünü, məsləhətini dinləmə, istər müdür istərsə kim olur olsun onları dinlə... Hətta onlara görə bazar satıcısının attığı söz belə ər sözündən üstündür...
Evdar qadın, üüü! Hələ o azad deyil qardaş. Ama işgüzar "azad" qadın işdən yarım saat tez çıxdığı üçün müdüründən eşitdiyi o acı sözlərə baxmayaraq "azad"dır, işdəki həbsxana rejiminə baxmayaraq "azad"dır. "Sabah vaxtın varmı?" sualına "İşdə olacağam, işdən yorğun qayıdıram" cavabına baxmayaraq "azad"dır. Amma evdar qadın isə "əsir"dir qardaş... Amma o anadır, övladları var, yəni dünyanın ən dəyərli, ən soylu, ən görkəmli işini görür. Yəni insan yetişdirir. Çünki uşaqlar küçədə deyil, evdə yetişər... Necə ki saf, dolğun və ətirli meyvənin yetişməsi üçün diqqətli, həssas və şəfqətli bağban nəfəsi və qayğısı lazımdır...
Ama o yenə də "işsiz" qadındır... Analıq işləmək sayılmır. "Müasir"lərə görə analıq işsizlikdir. Analıq muzdlu köləlikdir. Qardaşım, bunun gülünc olan tərəfi də nədir bilirsən?: başqalarının dünyaya gətirdiyi körpələrə baxmaq üçün qurulan uşaq baxçalarında işləmək iş, orada işləyənlər "işləyib istehsal edən qadın" sayılır, ama özünün dünyaya gətirdiyi körpələrə baxmaq "iş" sayılmır. "Müasir"lər gözlənilmədən ana olduqlarında isə ailələrinin durumuna baxın: ata işə, ana işə, körpə baxçaya, ev pansion, ailə pansiyoner...
Ey əziz qardaşım və bacım, bax elə bu nöqtədən sonra "körpəmi, köpəkmi?" dilemması yaranır: Eynilə Fransada, Almaniyada, Hollandiyada olduğu kimi. Köpək körpədən daha sevimli olur "müasir" qadın üçün, çünki vücudu deformasiyaya uğramır axı... öyle yaa, şəhvətpərəst və bədənədüşkün müasirliyin həqiqətləridir bunlar, bunları görmək lazım...
Amma kiçik bir problem: Köpəyin illa da kiçik olması lazım, qucağa alınıb seviləcək qədər kiçik... Nə də olsa o qadındır, bir canlını qucağına alıb sevmə duyğusu yaradılışdan ona verilmiş, çarəsi yox, sevəcək. Amma, köpək yerinə körpə sevsə olmazmı? Bu suala Avropanın köpək-körpə (yan yana yaxşı səslənmir, amma inşallah anlayış göstərərsiz) statistikasını qarşılaşdırdığımızda bu cavabı alırıq: Yox, əsla olmaz! (Almaniyada qeydiyyatda olan köpəklərin sayı təxmini olaraq qeydiyyatda olan insan sayı qədərdir). Yaxşı bəs, niyə düşünmürlər köpəyin də ən az körpə qədər məsrəfinin olduğunu?... Gözlənilmədən dünyaya körpə gətirsə belə analığı sevməmiş və sevərək analıq etməmiş. Analıq etmədiyi üçün duyğuları inkişaf etməmiş, həyat təcrübəsi inkişaf etməmiş, elm desən sıfır, amma eybi yox; onun köpəyi var və bir də sabit işi var. O özünü bütün analara yuxarıdan aşağı baxmaq məqamında görür...
Ey "müasir" bəy və xanım, Cənnəti anaların ayaqları altına sərən İslam qadını alçaltmadı, fəqət cənnəti bu dünyada axtaran tək dünyalı siz "müasir"lər gözümüzün içinə baxa baxa analığı alçaldırsınız, üstəlik sizin hər birinizi bir ananın dünyaya gətirdiyini unudaraq !!!
Çox ayıb! Çox şərəfsiz! Çox düşüncəsiz!

Məqalə: Mustafa İslamoğlu
Tərcümə: Əşrəf Səfərli

No comments :

Post a Comment